Fevralın 23-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasında II dövrəyə start verilib.

Liqanın A qrupunda mübarizə aparan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandalarının qarşılaşması olub. Maraqlı idman mübarizəsində keçən oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası 5:1 hesabı ilə qalib gəlib.

Yarış CBC Sport telekanalı tərəfindən canlı yayımlanıb.

Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.

Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.

Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinintələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.