17 yanvar 2025-ci il tarixdə Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov tələbə futbolunun 2024-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib, federasiyanın 2021-2025-ci il İnkişaf Konsepsiyasının icrası ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib. F. Qurbanov çıxışında hesabat ilində Azərbaycan Tələbə Liqasının 2023/2024 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası Macarıstanın Debrecen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında 5-ci yerə layiq görüldüyünü qeyd edib.
Komandamız Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) təmsilçilərini məğlub edib. Çempionatın qalibi İspaniya komandası ilə dörddə bir finalda qarşılaşaraq 3:3 hesabı ilə bərabərlik əldə edib və penaltilər seriyasında məğlub olub.









Sonra ATFF İctimai Birliyinin icraçı direktoru Elnur Abdullayev 2024-cü il ərzindəki fəaliyyət haqqında Federasiyanın hesabatını təqdim edib, baş katib Lətif Novruzov Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekunu barədə məlumat verib. Federasiyanın mühasibi Kənan Əkbərli tərəfindən ATFF İB-nin 2024-cü il üzrə maliyyə hesabatı məruzə edilib.
Daha sonra İcraiyyə Komitəsinin üzvləri gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Tələbə Liqasının cari vəziyyəti, liqanın ölkədə tələbə futbolunun inkişafında əhəmiyyətindən danışılıb. Müzakirələr zamanı növbəti illər üçün tələbələr arasında keçiriləcək beynəlxalq yarışlara ali təhsil müəsissələrinin komandalarının iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda Azərbaycan Tələbə Futbol Federasiyasının tələbələrdən ibarət komandanın iyul ayında Xorvatiyanın Zaqreb şəhərində keçiriləcək futzal üzrə tələbələr arasında Avropa çempionatında iştirakı üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.