Mayın 3-də ölkədə ilk dəfə təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub.
III yer uğrunda mübarizədə Azərbaycan Texniki Universitetinin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandasına qalib gəlib. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandasını məğlub edərək liqanın qalibi olub.
Liqanın ikinci altılığında mübarizə aparan komandalardan I yeri Bakı Dövlət Universiteti, II yeri Bakı Mühəndislik Universiteti, III yeri Bakı Ali Neft Məktəbinin komandası tutub.
Oyunlardan sonra qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Azərbaycan Tələbə Futbol Federasiyasının, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəsmi şəxsləri, veteran futbolçular iştirak ediblər.
Bədii hissədən sonra elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Tələbə Liqasından danışıb, liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliğində, perspektivli idmançıların aşkar edilməsində xüsusi rol oynadığını, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində, onların vətənpərvərlik hisslərinin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra AFFA-nın Hakimlər Komitəsinə oyunların idarə olunmasındakı səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” təqdim olunub. Oyunlarda fərqlənən üç tələbə-futbolçu “Ən yaxşı qapıçı” “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunub, ikinci altılığın qalib komandalarına kubok və hədiyyə, liqanın qalib komandalarına medal və pul mükafatı, çempion komandaya kubok təqdim edilib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
17 noyabr 2023-cü il tarixdən başlayan Liqada 12 ali təhsil müəssisəsi mübarizə aparıb.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinintələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.