Ölkədə ilk dəfə olaraq təşkil olunan ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasında I dövrəyə yekun vurulub.
Keçirilən oyunların nəticələrinə görə liqanın A və B qruplarında ən çox xal toplayan Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyasının komandaları birinci altılıqda, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Koorperasiya Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Slavyan Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universitetinin komandaları ikinci altılıqda mübarizəni davam etdirəcəklər.
Liqanın II dövrəsinin ilk oyunları tələbələrin qış imtahan sessiyasından sonra, fevral ayının ikinci ongünlüyünə təsadüf edəcəkdir.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2024-cü ilin may ayında yekun vurulacaq.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinintələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.