Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyi İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov tələbə futbolunun 2023-cü il mövsümünün yekunlarına dair çıxış edib, gündəlikdə duran əsas məsələlər barədə fikirlərini bildirib. Federasiyanın 2021-2025-ci il İnkişaf Konsepsiyasının müddəaları ilə bağlı zəruri məsələlərə toxunub, tələbə futbolunda görülmüş işləri və həyata keçirilməsi vacib olan tədbirləri qeyd edib. Hesabat ilində ilk dəfə futzal üzrə Respublika yarışının qalibi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası Xorvatiyada Avropa çempionatında 5-ci yerə layiq görülüb. Komandamız İngiltərə, Portuqaliya və digər komandalara qalib gəlib.

ATFF İctimai Birliyinin icraçı direktoru Elnur Abdullayev 2023-cü il ərzindəki fəaliyyət haqqında Federasiyanın hesabatını təqdim edib. Baş katib Lətif Novruzov ilk dəfə ölkəmizdə keçirilən Azərbaycan Tələbə Liqasının ötən ildəki fəaliyyətinin yekun hesabatını səsləndirib.

Daha sonra İcraiyyə Komitəsinin üzvləri gündəlikdə duran cari məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Azərbaycan Tələbə Liqasının cari vəziyyəti, liqanın ölkədə tələbə futbolunun inkişafına bəxş edəcəyi töhfədən danışılıb. Müzakirələr zamanı növbəti illər üçün tələbələr arasında keçiriləcək beynəlxalq yarışlara ali təhsil müəsissələrinin tələbələrindən ibarət yığma komandaların iştirakının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr edilmiş tələbələr arasında futzal turnirin keçirilməsi üçün hazırlıq işlərinə başlanılması qərara alınıb.